Sentyabrın 17-də Vətəndaş Hüquqları İnstitutu ilə əməkdaşlıq edən gənc hüquqşünaslar Ağdam rayonuna səfər edib. Səfərin məqsədi müharibədən zərər görən vətəndaşlara hüquqi yardım etmək və onları dövlətin ayırdığı kompensasiyalara əlçatımlığını təmin etmək olub.
Gün ərizində təşkilatın Quzanlı ofisində ehtiyacı olan sakinlər qəbul edilib. Vətəndaşlar əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbənin sosial təminat hüququ, I qrup əlilliyi olan şəxsin mənzil hüququ, ünvanlı sosial yardımla, müharibə nəticəsində mülkiyyətə vurulmuş ziyanın kompensasiyası ilə, əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi və müharibə iştirakçısının əlillik dərəcəsinin qiymətləndirilməsi ilə bağlı müraciətlər edib. Nəticə olaraq 5 nəfərə müvafiq hüquqi məsləhət verilib, 3 müraciət üzrə müharibə nəticəsində mülkiyyətinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı Nazirlər Kabinetinə, Ağdam rayon İcra Hakimiyyətinə və Baş Prokurorluğa yazılı müraciətlər göndərilib. 1 müraciət üzrə isə əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi üçün müraciətə qısa zamanda baxılma ilə bağlı e.sosial.az saytından elektron müraciət olunub.