Hüquqçu Sübhan Həsənlinin vəkillərin davranış qaydaları və ifadə azadlığı ilə bağlı yazdığı məqaləni təqdim edirik.

Vəkillər hakimiyyətin üç əsas qolundan biri olan məhkəmə hakimiyyətinin əsas ünsürlərindəndir. Məhkəmə hakimiyyətinin düzgün və ədalətli fəaliyyəti üçün vəkillərin müstəqilliyi əsas şərtlərdəndir. Vəkillərin müstəqilliyi eyni zamanda müstəqil məhkəmənin bir qarantiyası olduğundan vəkillər dövlətə qarşı da müstəqildirlər. Bu baxımdan hər bir demokratik ölkə vəkillərin müstəqilliyini istər nəzəri cəhətdən, istərsə də praktik cəhətdən təminat altına almalıdır.

Azərbaycanda vəkillərin hüquq və vəzifələrini qaydaya salan qanun “Vəkillər və Vəkillik haqqında qanun”dur. Bundan əlavə vəkillərin davranış qaydalarını müəyyənləşdirən əsasnamə mövcuddur. Əsasnamə mahiyyət etibarı ilə vəkillərin davranış qaydalarını, vəkillərin onlara müraciət etmiş şəxslərlə (müştərilərlə) münsaibətlərini, vəkilin məhkəmə orqanları və digər orqanlarla olan münasibətini və s. münasibətləri tənzimləyir. Bu təhlildə əsasnamənin bütün müddəalarını təhlil etmək yerinə vəkillərin hüquq və azadlıqlarına təsir edə biləcək, hazırki kollegiyada təmsil olunan bəzi vəkillər tərəfindən etiraz edilən müddəaları təhlil etməyi uyğun gördüm.

Əsasnamənin 2.4-cü bəndində (loyallıq) qeyd olunur ki, “vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir”.

Bu müddəanın təhlilindən öncə əsasnamənin nəzərdə tutduğu “loyal davranış”ın nə olduğunu gözdən keçirtmək lazımdır. Azərbaycan dilinin izahlı lügətində “loyallıq” sözünün tərifi “loyal münasibət” kimi verilmişdir. “Loyal” sözünün tərifi isə, “sadiq”(işə vicdanla yanaşan) kimi verilmişdir. Təsadüfi deyil ki, xarici ədəbiyyatlarda və etik kodekslərdə loyallıq prinspi ilə vəkil-müştəri münasibətləri izah edilmişdir. Yəni vəkil öz müştərsinə qarşı loyal (sadiq) olamlıdır. Bu səbəbdən əsasnamədə vəkildən loyallıq tələb olunaraq onun digər vəkilləri tənqid etməkdən çəkindirmək düzgün yanaşma deyil. Öncə tənqidin qadağan olunmasının özü ifadə azadlığı ilə ziddiyət təşkil edir.

Vəkilin ifadə azadlığının daha dar çərçivədə şərh olunduğu yerlər məhkəmələrdir. Məhkəmələrdə vəkillər hakimlərə qarşı hörmətlə yanaşmalıdırlar. Lakin vəkilin istər məhkəmə prosessi, istərsə də proesessdən sonrakı ifadələri ifadə azadlığı konteksində dəyərləndirilməlidir.

Birləşmiş Millətlər Təşkilatının “Vəkillərin fəaliyyətinə aid təməl prinsplər” adlı “Havana prinspləri”nin 23-cü maddəsində vəkilin digər vətəndaşlar kimi ifadə azadlığı tanınmışdır. Həmin maddə vəkilin qanunlara və etik standartlara uyğun davranışınıda ehtiva etimişdir. Lakin vəkilin digər vəkil həmkarını tənqid etməsinin qadağan edilməsi həm konvensiyaya, həm də konstitusiyamıza ziddir. Digər tərəfdən “Normativ-hüquqi aktlar haqqında Konstitusiya qanunu”n 66-cı maddəsində qeyd edilir ki, “ Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir”.

Əsasnamənin prembulasında qeyd edilir ki, “Qanunun aliliyinə hörmətin aşılanması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından vəkilin davranışı xüsusi əhəmiyyət kəsb edir”. Əsasnamənin 2.1-ci maddəsində isə qeyd edilir ki, “peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkilin tam şəkildə müstəqil olması əsas şərtdir”. Bütün bunlardan sonra vəkilin tənqid etmək hüququn qadağan olunması, yaxud onu bu hüququndan çəkindirməyə çalışmaq vəkilin peşə müstəqilliyinə birbaşa ziddir. Hətta Cinayət Məcəlləsinin 323-cü maddəsinin (Azərbaycan dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) qeyd hissəsində prezidentin fəaliyyəti, onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlar tanınır və qarantiya altına alınır. Yəni qanun prezidenti tənqid etmək səlahiyyəti tanıdığı halda, əsasnamə vəkili digər həmkarını tənqid etməkdən çəkindirməyə çağırır.

2.4-cü maddə də qeyd edilən “vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlər”in dairəsi isə umumiyyətlə qeyri-müəyyən və abstraktdır. Xüsusən yeni müstəqillik əldə etmiş və məhkəmə hakimiyyəti tam formalaşmamış ölkələrdə bu tip ümumiləşdirici cümlələrin istifadəsi sui-istifadə hallarına yol aça bilər. Normativ-hüquqi aktlar haqqında Konstitusiya qanunun 62.1-ci maddəsində qeyd olunur ki, “bu Konstitusiya Qanununun məqsədləri üçün sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur”. Bu əsasnamədəki “vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlər” cümləsi konkret olaraq Vəkillər Kollegiyası üçün “legitim şərait yaratmış” olur. Bu maddəyə oxşar digər bir müddua 2.12-də qeyd olunur. Orada deyilir ki, “Vəkilin fəaliyyətinin təbliği ilə əlaqədar materiallar elə tərtib olunmalıdır ki, vəkilin və Vəkillər Kollegiyasının nüfuzuna xələl gətirməsin”. Eyni ilə bu maddə də ümumiləşdirici sözlərdən istifadə olunub və Vəkillər Kollegiyasının nüfuzunun nədən ibarət olması bəlli deyil. Bununla bağlı “Avropa Parlameni, Avropa Şurası və komissiyalarının qanunvericiliyin tərtibinə cəlb olunmuş şəxslər üçün ortaq praktiki bələdçisində” qeyd olunur ki, qəbul olunan qanun 3 tələbə cavab verməlidir:

1) Aydın – asan başa düşülən və birmənalı;

2) Sadə – lazımsız elementlərin olmaması, qısa;

3) Tam – oxuyucunun şübhəsi qalmayacaq şəkildə;

Bu əsasnamə isə müddəalarının bir qismindən göründüyü bu tələblərə cavab vermir.
Əsasnamənin ən problemli və üzərində dayanılması lazım olan müddəası isə 2.13-də verilib. Orada deyilir ki, “Vəkil cinayət işləri üzrə istintaq sirri təşkil edən və ya qapalı keçirilən məhkəmə prosesləri barədə məlumatları ictimailəşdirməməlidir”. Burada qarşımıza çıxan ilk məsələ istintaq sirrinin nədən ibarət olması məsələsidir. İstintaq sirri nədir? İstintaq sirri anlayış olaraq Cinayət Prosessual Məcəllədə (bundan sonra CPM) verilməyib. Yəni istintaq sirrinin həddi və həcmi müəyyənləşdirilməyib. Ümumi olaraq qəbul edilir ki, istintaq sirri ibtidai araşdırma zamanı aparılan hərəkətlərdir. İbtidai araşdırmanın açıqlaması CPM-də 7.0.22-ci maddə də qeyd olunmuşdur: ibtidai araşdırma – cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır;

Daha sonra isə CPM-in 12-ci fəslində “Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması” məsələləri tənzim edilir. Orada tənzimlənən məsələlər “Şəxsi və ailə sirrinin qorunması”(199), “Dövlət sirrinin qorunması” (200), onunla bağlı ayrıca qəbul olunmuş qanunda var. Bax: “Dövlət sirri haqqında qanun”) və “Peşə və kommersiya sirrinin qorunması” (201) məsələləridir. Hər 3 maddə “Cinayət mühakimə icraatı zamanı” ortaya çıxa biləcək sirrləri qoruyur və tənzimləyir. O zaman belə bir mənzərə yaranır ki, istintaq sirri ancaq bu 3 maddə də nəzərdə tutulanlardır. Lakin praktikada istintaq sirrinin nədən ibarət olması çox zaman ibtidai araşdırmanı həyata keçirən şəxsin mülahizəsinə əsasən müəyyənləşir. Mülahizəyə əsasən formalaşan istintaq sirrinin həcmi və həddi vəkillərin bir çox vəziyyətdə ittiham olunmasına, onların istintaq sirrini yaymaqla günahlandırılmasına səbəb ola bilər.

CMP-in 222-ci maddəsi ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyini tənzimləyir. Orada deyilir ki, “ibtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər”.

Bu maddədən də göründüyü kimi əgər istintaq sirri təşkil edən məlumatlar ibtidadi araşdırma məlumatlarıdırsa belə, o məlumatların özünün həddini istintaq orqanları yaxud məhkəmə müəyyən edir.
Eyni zamanda Cinayət Məcəlləsinin 300-cü maddəsi “Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma” əməlinə görə məsuliyyət müəyyən edib. Lakin həmin maddə də deyilir ki, “qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda”.

Burada qanunla müəyyən edilmiş qaydanın nə olduğu müəmmalıdır. Bu müddua istintaq sirrini ehtiva edirsə əgər, o zaman istintaq sirrinin özünün nə olduğu qanunda açıq göstərilmədiyindən bu sirrin nədən ibarət olduğu müəyyən edilə bilməyəcək. İkinci bir tərəfdən yenə də yuxarıda qeyd etdiyimiz kimi burada da qanunun dili məsələsi qarşımıza çıxır. “İstintaqın aparılmasına mane olmaq” ümumiləşdirici cümlədir. Bu maneçiliyin nədən ibarət olması, qeyri-müəyyəndir.

Əsasnamənin 2.11-ci müddüasinda qeyd edilir ki, ictimai və siyasi fəaliyyət – “Vəkilin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti, onun öz vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə şübhə doğurmamalıdır. Vəkil öz peşə fəaliyyətindən dini və siyasi məqsədlər üçün istifadə etməməlidir”

Bu müdduada yer alan “dini və siyasi məqsədlər” cümləsi yenədə geniş və şərh verilməsi çətin bir cümlədir. Burada sual yaranır ki, umumiyyətlə, “dini və siyasi məqsədlər” nə deməkdir? Vəkil etik normanın bu müddəasını hansı hallarda pozur? İkinci bir tərəfdən ümumiyyətlə birinci cümlədə qeyd edilən obyektivlik prinspinə baxsaq, vəkil siyasi partiyaya üzv ola-ola nə dərəcədə obyektiv ola bilər? Hakim və prokurorlara partiya üzvlüyü qadağan edildiyi halda, vəkillərin üzv olmasının önəmi nədədir?Bu suallar yetərincə cavablanmamış, cəmiyyətdə müzakirə olunmamış, ümumiləşdirici cümlələrlə vəkillərin üzərinə yük qoyulması onların müstəqilliyinə xələl gətirə biləcək amillərdəndir.

2.13-cü maddənin ikinci hissəsində qeyd edilən “qapalı keçirilən məhkəmə prosessləri” cümləsidə qeyri-müəyyəndir. Əlbəttə, qapalı keçirilən və ailə sirri, kommersiya sirri və s. təşkil edən məsələlərin vəkillər tərəfindən ictimailəşdirməsi yolverilməzdir. Lakin, CPM-in 450.1-ci maddəsində deyilir ki, “Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətində qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır”.

Bu isə əsasnamədə qeyd olunan şəkli isə şərh etsək, o deməkdir ki, vəkil prosessual hərəkət və qərarlardan şikayət verdikdə, həmin məhkəmə barəsində vəkil ictimaiyyətə məlumat verə, məlumatlındıra bilməz. Bu isə məsələn şəxs haqqında həbs-qətimkan tədbiri seçilərkən vəkilin onun üzərində hansı işgəncə faktını görməsi, onun hüquqlarının kobud şəkildə pozulduğuna inanması və s. kimi hallar barəsində vəkilin məsələni ictimailəşdirməsinin qarşısını alır. Bütün bunlara görə və əsasnamənin 6.4-cü bəndində qeyd edildiyi kimi “Bu əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır” müddəasını nəzərə alaraq düşünürəm ki, əsasnamədəki bu tip müddəalar vəkillərin müstəqilliyinə və onların peşə fəaliyyətini azad şəkildə həyata keçirməsinə maneçilik törədir. Vəkil cinayət işləri üzrə istintaq sirri təşkil edən və ya qapalı keçirilən məhkəmə prosesləri barədə məlumatları ictimailəşdirməməlidir.

Benefisiar.org

Paylaş