Yanvarın 29-da ATƏT DTİHB müşahidə missiyası 9 fevral parlament seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyətlə bağlı aralıq hesabatı açıqlayıb.
Hesabat müəllifləri ölkədə ədalətli demokratik seçkilərin keçirilməsinə mane olan ciddi problemlərin olduğunu qeyd edirlər. Əsasən Azərbaycanda əsas hüquq və azadlıqların təmin olunmasına dair ciddi şübhələr var, buna görə də bir sıra müxalifət qüvvələri seçkiləri boykot ediblər. Bu pozuntular KİV-ə çıxışın və sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına aiddir. Bir sıra namizədlər seçkilərdə iştirak etmək imkanından məhrum olublar, baxmayaraq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onların üzərindən məhkumluğun götürülməsi barədə qərarı var. Gender balansı pozulub və qadınlar getmiş parlamentdə pis təmsil olunublar. Ölkə konstitusiyası əsas hüquq və azadlıqlara, o cümlədən sərbəst toplaşma, fikrin ifadə olunması, assosiasiya və məlumat əldə etmək azadlığına, habelə siyasi həyatda iştirak hüququna zəmanət verir. Lakin DTİHB və Venesiya Komissiyasının sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı bir çox tövsiyəsi yerinə yetirilməyib. Müşahidə missiyasının bəzi həmsöhbətləri bildiriblər ki, mövcud hüquqi baza azad seçkiqabağı təşviqatın keçirilməsini nəzərdə tutmur. Fundamental toplaşma azadlığı pozulub və son icazəli siyasi mitinq 2019-cu ilin yanvarında Bakıda olub.
Konstitusiyanın ifadə azadlığına, informasiya əldə etmək hüququna zəmanət verməsinə və senzuraya qadağa qoymasına baxmayaraq, bu hüquqlar müxtəlif qanunlarla ciddi şəkildə məhdudlaşdırılıb. KİV haqqında qanun hərbi, fövqəladə vəziyyətlərdə və dini ekstremizmə qarşı əməliyyatlarda KİV azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur. Böhtan və təhqir (o cümlədən sosial şəbəkələrdə) cinayət sayılır və əgər prezidentə qarşı yönəlibsə 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi mütəmadi olaraq jurnalistlərə qarşı ağır cinayətlərə dair iddialar, habelə onların sərbəst və təhlükəsiz işləmək imkanları ilə bağlı narahatlığını ifadə edir.
Avropa Şurasının məlumatına görə, beş jurnalist həbsdədir, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məhkəmə qərarı olmadan veb saytları bloklamaq və KİV-ləri işləməyi qadağan etmək hüququna malikdir. 12 TV kanalı ümummilli əhatəyə malikdir, AzTV dövlət kanalı və ictimai TV dövlət büdcəsindən maliyyələşdirilir. Reklam bazarının məhdudlaşdırılması bir çox KİV-i dövlət maliyyələşməsindən asılı vəziyyətə gətirir. 30-a yaxın özəl çap nəşri hər ay Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan vəsait alır. Üstəlik, onların tirajı cüzidir. Dövlətlə əməkdaşlıq edən KİV-lər hakimiyyətin dəstəyindən istifadə edir və rəsmi şəxslərdən məlumat əldə etmək imkanları qazanır. İTV çox yüksək qiymətə pullu efir vaxtı təklif edən yeganə yayımçıdır. Eyni zamanda efirdə açıq müzakirələr, debatlar, “dəyirmi masa”, həmçinin siyasi reklam yoxdur.