Gənc hüquqşünas Sübhan Həsənlinin məhkəmələr və hakimlər haqda yazsını təqdim edirik.

Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqların, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur. Məhkəmələrin müstəqilliyi dedikdə, ilk növbədə dövlətin digər 2 qoluna qarşı (icraedici və qanunverici hakimiyyət) müstəqil olması, onların təsiri altına düşməməsi, onların təzyiqlərinə məruz qalmaması başa düşülür.

Məhkəmə hakimiyyətinin müstəqilliyi və tərəfsizliyi hüququn üstün olduğu demokratik bir rejim üçün vaz keçilməz ünsürdür. Məhkəmə orqanlarının qanunverici və xüsusi ilə icra hakimiyyəti tərəfindən edilən biləcək müdaxilələrə qarşı qorunmasını (müdaifə olunmasını) ifadə edən Məhkəmə Müstəqilliyi qavramı “Hüquq dövləti” (rule of law) düşüncəsinin olmazsa olmaz (Sine Qua Non) ünsürlərindən biridir. O səbəbdən demokratik sayılsın, ya da sayılmasın. Demək olar ki, əksər ölkələr öz Konstitusiyalarında “Müstəqil Məhkəmə” prinspini əks etdiriblər. Dünya ölkələrin Konstitusiyalarına baxdıqda, bəzi ölkələr qısa şəkildə “məhkəmə müstəqilliyi” məsələsinə toxunsalar da, bəzi ölkələr bu prinspin geniş şərhini vermişlər. Təxminən dünyadakı 192 Konstitusiyanın 166-da “Müstəqil Məhkəmə” “Məhkəmənin Müstəqilliyi” kimi qavramlar öz əksini tapıb. Lakin Konstitusiyada və qanunlarda “Məhkəmənin Müstəqilliyi” prinspinin öz əksini tapması, heçdə Məhkəmə hakimiyyətinin müstəqil olduğu mənasına gəlmir. Məhkəmə Müstəqilliyi qavramını Hüquqi Müstəqillik (DE-YURE) və Faktiki Müstəqillik (DE FACTO) olaraq tədqiq etmək məsələnin daha real anlaşılması və ölkələr arasındakı real fərqləri görməyimizə imkan verəcəkdir.

Hüquqi müstəqillik hakimləri təzyiq və müdaxilələrə qarşı qoruyacaq qanuni və konstitusion mexanizmlər başa düşülür. Faktiki müstəqillik isə hüquqi müstəqillikdə nəzərdə tutulan mexanizmlərin nə dərəcədə yerinə yetirilməsindən bəhs edilir. Xüsusən qeyd etmək yerinə düşərdi ki, məhkəmə hakimiyyətinə təzyiqlərin yüksək olduğu yerlərdə də məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı konsitusion təminatlar verilmişdir.

Sovet Rusiyası Konstitusiyasının 155-ci maddəsində, Şimali Koreya Konstitusiyasının 160-cı maddəsində məhkəminin müstəqilliyindən bəhs edilir. Məhkəmənin müstəqilliyi prinspi Ümumdünya İnsan Haqqları Bəyənnaməsinin 10-cu maddəsində bu ifadə ilə ilk dəfə beynəlxalq bir sənəddə öz əksini tapmışdır: “Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir”.

Məhkəmə hakimiyyətinin müstəqilliyi, həmin ölkənin inkşaf səviyyəsindən, instutlarının oturuşmasından, rifah səviyyəsindən və s. amillərdən bilavasitə asılıdır. Ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyi, konstitusiyamızın 127-ci maddəsində öz əksini tapmışdır. “Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir”.

Bildiyimiz kimi, məhkəmə hakimiyyəti dövlətin 3 əsas qolundan biridir. Məhkəmə hakimiyyəti dövlət sisteminin nə olmasından asılı olmayaraq, demokratik olmalı, müstəqil və tərəfsiz olmalıdır. Məhkəmə hakimiyyətinin müstəqilliyi həmin ölkənin siyasi, iqtisadi, mədəni inkşafı ilə paralel olaraq davam edən önəmli bir nüansdır.

Hüquqi dövlət prinsipi demokratik dövlətin ən əsas prinsplərindən biridir. Bir dövlətin hüquq sistemi düzgün işləmirsə, hakimlər tərəfli və müstəqil olmayan qərarlar qəbul edirsə, həmin ölkədə demokratiyadan danışmaq mümkün deyildir. Seçkisiz demokratiya mümkün olmadığı kimi, hüquqsuz bir demokratiya da mümkün deyil. Bu baxımdan ölkələrin məhkəmə sistemləri həmin ölkələrin aynalardır.
Hakimiyyətin 3 qolundan icraedici və qanunverici orqan xalq tərəfindən seçilsə də, bəzi istisnalar xaric məhkəmə qolu xalq tərəfindən təyin olunmur. Belə olan halda məhkəmə hakimiyyətini həyata keçirən hakimlərin təyin olunması, vəzifədən kənarlaşdırılması, intizam tənbehinə məruz qalması və s. kimi məsələləri nizama salan bir quruma ehtiyac var.

ABŞ-ın bir çox əyalətlərində hakimlər xalq tərəfindən seçilərək vəzifəyə təyin olunurlar. Xalq tərəfindən təyin olunduğu üçün, xalq tərəfindən geri çağrıla bilir (recall). Əlbəttə, bu sistemin bir sıra mənfi tərəfləri vardır. İlk öncə məhkəmənin xalq tərəfindən seçilməsi onun həm də siyasiləşməsidir. Məhkəmə hakimiyyətinin isə siyasətlə arasında məsafə olmalı, məhkəmələr ola bildiyi qədər obyektiv olmalıdır.
Azərbaycanda məhkəmə müstəqilliyinin qarantı prezidentdir (Konstitusiyanın 8-ci maddəsi). Lakin, məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasıdır.

Məhkəmə-Hüquq Şurası nədir?

Hüquq dövlətinin ən önəmli ünsürlərindən biri olan məhkəmə müstəqilliyini təmin etmək, qarantiyaya almaq üçün ilk ağıla gələn təməl mexanizmlərdən biri Məhkəmə-Hüquq Şuralarıdır. İlk dəfə 1946-cı il Fransa Konstitusiyasında hakimlərin statusu ilə bağlı icraedici orqandan müstəqil bir qurumun yaradılması nəzərdə tutulmuşdur. Günümüzdə bu tip qurumlar 3 fərqli ad altında fəaliyyətlərini həyata keçirirlər. “Hakimlər və prokurorlar ali şurası” (conseil supérieur de la magistrature/superior council of magistrature), “Hakimlər ali şurası” (conseil supérieur de la magistrature/superior council of magistrature) “Məhkəmə/ədalət ali şurası” (conseil supérieur de la justice/high council of justice-high council for the judiciary).

İlk tiplərini Avropada gördüyümüz bu qurumlar artıq dünyanın hər tərəfinə yayılmış və müxtəlif adlarla, müxtəlif strukturlarla öz fəaliyyətlərini həyata keçirirlər. Ölkəmizdə 2004-cü ildə qəbul edilən qanunla Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Məhkəmə-Hüquq Şurası haqqında qanunun 1-ci maddəsində onun təyinatı belə ifadə edilir: Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra—“hakim vəzifəsinə namizədlər”) seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Lakin Məhkəmə-Hüquq Şurasının qurum kimi konstitusiyada öz əksini tapmaması ciddi bir əksiklikdir. İlk öncə qeyd edək ki, bu tip müstəqil qurumlara Konstitusion dəyər yükləmək həm də dövlətin “Məhkəmə Müstəqilliyinə” verdiyi dəyəri təcəssüm etdirir. Xüsusi ilə Azərbaycan kimi gənc və demokratiyası oturuşmamış dövlət üçün bu tip qurumların konstitusiyada öz əksini tapması onların leqallıqlarını gücləndirir. İkinci bir tərəfdən Məhkəmə-Hüquq Şurası konstitusiyada öz əksini tapsaydı, onun üsul və qaydalarının qanunverici orqan tərəfindən dəyişdirilməsi çətinləşərdi. Belə olan halda Konsensusla qəbul olunmuş bir Məhkəmə-Hüquq Şurası Parliamentdə partiyaların dəyişməsindən asılı olmayaraq dəyişikliyə uğraması çətinləşir. Unudulmamalıdır ki, demokratiya yerləşmiş, məhkəmə müstəqilliyini adət halına salmış toplumlarda bu tip qarantiyalara çoxda ehtiyac qalmır.

İngiltərənin yazılı konstitusiyası olmamaqla bərabər müxtəlif araşdırmalarda İngiltərədə “Məhkəmə Müstəqilliyi” daima üst sıralarada yer alır. Əlbəttə, “Məhkəmə Müstəqilliyi” “Məhkəmə-Hüquq Şurası” kimi qavramların konstitusiyalarda yer almağı həmin dövlətdə “Məhkəmə Müstəqilliyinin” olmağının təkbaşına sübutu deyildir.

Avropa Hakimlərinin Məşvərətçi Şurasının 2007-ci ildəki 10 nömrəli tövsiyyəsində də eyni məsələyə toxunulur və qeyd edilir ki, Məhkəmə-Hüquq Şurası yazılı bir konstitusiyası olan ölkələrdə konstitusion səviyyədə olmalı, belə olmayan ölkələrdə də, ona bərabər səviyyədəki qanun, ya da konstitusion mətnlərdə təsbit olunmalıdır. Bu tip bir qurumun quruluşuna, vəzifə və səlahiyyətlərinə, üzvlərinin kimlərdən təşkil olunacağına və necə təyin olunacaqlarına dair ölçülər qeyd edilməlidir. Eyni ilə Venesiya Komsissiyasının 2007-ci ildəki reportunda “yeni demokratiyalarda hakim təyinatlarında digər dövlət qollarının siyasi məqsədlərlə istismar edilməsinin qarşısının alınması üçün konstitusion düzəlişlər gərəklidir” deyilir.

Məhkəmə-Hüquq Şurasının funksiyaları

Məhkəmə-Hüquq Şurası haqqında qanunda Məhkəmə-Hüquq Şurasının bir sıra funksiyaları qeyd olunub. Bu funksiyaların şəffaf və demokratik şəkildə yerinə yetirilməsi “Məhkəmə Müstəqilliyi” üçün həyati önəmlidir. Bunlara sıra ilə baxaq:

1) Məhkəmə-Hüquq Şurasının tərkibi.

Avropa İttifaqı ölkələrinə baxdıqda, bu ölkələrdəki şuraların ümumilikdə çox üzvlə fəaliyyət göstərdikləri bəlli olur. Ən çox üzvlə, 44 üzvlə fəaliyyət göstərən Belçika Ədalət Ali Şurası bu baxımdan Avropada liderdir. Sloveniya Məhkəmə Şurası isə 11 üzvlə ən az üzvün olduğu ölkədir. Ortalama olaraq Avropa ölkələrinə təxminən 22 üzv sayı düşür. Azərbaycanda isə, Məhkəmə-Hüquq Şurası haqqında qanuna baxdıqda, 6.1-ci bəndində qeyd olunur ki, Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Bu Avropa İttifaqı ölkələrinin standartlarından xeyli azdır. Daha sonra, 6-cı maddədə Məhkəmə-Hüquq Şurasının tərkibi elan olunur:

6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət olmaqla, aşağıdakı şəxslərdən təşkil olunur:

6.2.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri; (Ədliyyə Naziri)

6.2.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;

6.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs; (Prezident)

6.2.4. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;

6.2.5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;

6.2.6. Hakimlər Assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;

6.2.7. Hakimlər Assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi Apellyasiya məhkəmələrinin iki hakimi;

6.2.8. Hakimlər Assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təyin etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;

6.2.9. Hakimlər Assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyinin) təyin etdiyi birinci instansiya məhkəməsinin iki hakimi;

6.2.10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyinin) təyin etdiyi şəxs;

6.2.11. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;

6.2.12. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.

6.3. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.

6.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar.

6.5. Hakimlər Assosiasiyaları hər bir Məhkəmə-Hüquq Şurası üzvü yerinə ən azı iki namizəd təklif etməlidirlər. Məhkəmə-Hüquq Şurası üzvlüyünə təklif olunmuş namizədlərin siyahısına onları təyin edən orqan tərəfindən yalnız bir dəfə etiraz edilə bilər. İkinci dəfə təqdim olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməlidir.

İlk baxışdan baxdıqda demokratik əsaslarla bir Məhkəmə-Hüquq Şurasının təşkili təsiri bizdə yaransa da, düşünürəm ki, məsələnin 2 tərəfi vardır. Birincisi məsələnin praktik tərəfi, ikincisi isə məsələnin hüquqi tərəfidir. Pratik tərəfdən baxdıqda, 6.2.1-ci bənddə qeyd edilən müvafiq icra hakimiyyəti, yəni Ədliyyə Nazirliyidir. Ədliyyə naziri həm də, hazırda Azərbaycanda Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsini həyata keçirir. Unudulmamalıdır ki, ədliyyə nazirini prezident, yəni icraedici hakimiyyətin başında duran şəxs təyin edir. Bu isə, fikrimcə prezidentli respublika olan Azərbaycanda, prezidentli respublikanın prinsplərinə – sərt qüvvətlər ayrılığı prinspinə birbaşa ziddir.

Davamı var

Paylaş