Aprelin 16 və 17-də gənc hüquqşünaslar üçün “Mülki prosesdə sübutlar” və “AİHM presedent hüququnda mülkiyyət hüququ” mövzularında təlimlər keçirilib.

Vəkillər Kollegiyasının üzvü, vəkil Rövşanə Rəhimli ilk növbədə yazılı və maddi sübutlar, ekspertlərin rəyləri, yerində müayinə keçirməklə əldə olunan sübutlar, səs və video yazılarının, şahidlərin ifadələrinin və işdə iştirak edən şəxslərin izahatlarının sübut kimi istifadəsi barədə təlim iştirakçılarını məlumatlandırıb, daha sonra sübutların təqdim olunması, təmin olunması və qiymətləndirilməsi qaydası barədə danışıb və iştirakçılarla praktiki müzakirələr aparıb.

Aprelin 17-də beynəlxalq hüquq üzrə təlimçi Emin Abbasov təlimin nəzəri hissəsində iştirakçılarla milli və beynəlxalq qanunvericilik, AİHM presedent hüququnda mülkiyyət hüququ, qəbuledilənlik məsələləri barədə müqayisəli analiz aparıb. Praktiki hissədə isə iştirakçılarla mülkiyyətə müdaxilələr və mülkiyyətin müdafiəsi ilə bağlı kazuslar həll edilib və geniş müzakirələr baş tutub.

Paylaş