Dekabrın 13, 14, 15-də Vətəndaş Hüquqları İnstitutunun (VHİ) hüquqşünasları Gəncə, Bərdə, Ağdam şəhərlərində müharibədən əziyyət çəkmiş vətəndaşlara hüquqi yardım edib. Gün ərzində 35 nəfərə yaxın vətəndaşın problemləri öyrənilib və uyğun sənədləşdirmə işləri aparılıb.

Gəncə şəhərində vətəndaşlar daha çox daşınmaz əmlak, ünvanlı sosial yardım, əlillik dərəcəsinin dayandırılması, bank-kredit münasibətləri, əmlakdan istifadə hüququ ilə bağlı məlumatlandırılıb, müraciət və şikayətlər hazırlanıb.

Bərdə şəhərində məşğulluq, sosial yardım, aliment, kredit, əlillik dərəcəsi, pensiya ilə bağlı müraciətlər edilib. Hüquqşünaslar müraciətləri araşdıraraq uyğun sənədlər hazırlayıblar. Həmçinin qadınların maarifləndirilməsi ilə bağlı bukletlər vətəndaşlara yayılıb.

Ağdam rayonunun Quzanlı qəsəbəsində müraciət edən vətəndaşlardan biri müharibə qazisi, 7 nəfər əliliyi olan şəxslər olub. Müraciətçilər müharibədən zərər çəkmiş evlərin təmiri, əlillik dərəcəsinin dayandırılması ilə bağlı köməyin göstərilməsini istəyiblər. Hüquqşünaslar sənədləri hazırlayaraq uyğun qurumlara yönləndiriblər.

Paylaş